Sumqayıt çimərliyindən istifadə qadağan olundu

14:20 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.

Səhiyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, yay mövsümünə hazırlıqla əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinq keçirib. Müayinələrin nəticələrinə görə Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

Aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub.

Bütün xəbərlər