Azərbaycanda ərzaq təhlükəsizliyi məqsədilə aqrar məhsulların sertifikatlaşdırılması prosesi ləğv edilir

18.05.2018,13:14


18 may, Fineko/abc.az. Azərbaycanda yerli istehsalın aqrar məhsulların sertifikatlaşdırılması üçün yeni mexanizm tətbiq edir.

Bakıda keçirilən Qida Təhlükəsizliyi üzrə I Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli konfrans zamanı bildirib ki, 1 iyul tarixindən kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılmasına dair yeni mexanizm qüvvəyə minəcək.

“Qüvvədə olan qanunvericiliyə görə, ölkə ərazisində istehsal olunan aqrar məhsullar növündən asılı olaraq sertifikatlaşdırılır.  Yeni mexanizm, istehsal olunan məhsulun müxtəlifliyindən asılı olmayaraq,  təsərrüfat subyektinin qeydiyyatını nəzərdə tutur”, - Q.Təhməzli belə deyib.

Beləliklə, onun sözlərinə görə, Azərbaycanda  kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin reyestri yaradılacaq. Subyektlərin qeydiyyatı həm agentlikdə, həm də ASAN mərkəzlərində, eləcə də onlayn rejimdə həyata keçiriləcəkdir. Reyestrdə daxil olunan  sahibkarlar müvafiq ərzaq təhlükəsizliyinə dair eyniləşdirmə kartı alacaqlar.

“Vahid reyestr, zərurət olduqda, daha doğrusu, idxalçı tərəfindən tələbnamə göndərildikdə, fitosanitar və ya baytarlıq sertifikatı təqdim etmək imkanı verəcək. Subyektlərin qeydiyyatına, həmçinin sertifikatlaşdırmaya dair tariflər hazırda Tarif (Qiymət) Şurası tərəfindən nəzərdən keçirilir”,  - Q. Təhməzli belə deyib.