Agentlik: Azərbaycanda GMO məhsulları üzərində həddindən artıq təlaş var

13:47 - 18.05.2018


18 may, Fineko/abc.az. Azərbaycan Respublikası  Qida Təhlükəsizliyi Dövlət Agentliyi genetik cəhətdən modifikasiya olunmuş  orqanizmlərin istifadəsi məsələsində həyəcan yaratmamağa çağırır.

Bakıda keçirilən Qida Təhlükəsizliyi üzrə I Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycanda bu barədə həddindən artıq təlaş müşahidə edilir.

“KİV-də tez-tez yanlış məlumatlara rast gəlinir. Belə ki, bu yaxında müxtəlif heyvanların genləri ilə yoluxmuş tərəvəzlərin ölkəyə gətirildiyi bildirildi. Rəsmi şəxs olaraq bəyan edirəm ki, bu məlumatın heç bir elmi əsası yoxdur. Bu cür tərəvəzlər hələ Azərbaycana idxal olunmayıb”, - bunu Q.Təhməzli deyib. 

Onun sözlərinə görə, genetik modifikasiya - molekulyar genetika elminin qabaqcıl bir hissəsidir və dünyada zərərvericilərə, həmçinin təbiətin şıltaqlıqlarına qarşı istifadə olunur.

“Azərbaycanda gömrük komitəsi ilə birgə məhsullarda GMO-nun keyfiyyəti və miqdarının  yoxlanılması üçün müvafiq laboratoriyalar yaradılıb”, - deyə Q.Təhməzli bildirib.

 

Bütün xəbərlər