“Laçın dəhlizi”nə alternativ olaraq çəkilən yol nə vaxt istifadəyə veriləcək?

15:20 - 21.06.2022


21 iyun, Fineko/abc.az. “Laçın şəhərinə daxil olmadan “Laçın dəhlizi”nə alternativ olaraq çəkilən yolun tikintisi davam edir”.

ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

“Yolun uzunluğu 32 kilometrdir. Bu il ərzində tikinti tam başa çatacaq. İrəliləyən zamanlarda  tarixlə bağlı daha dəqiq məlumat veriləcək”,-deyə A.Nəcəfli bildirib.

Hazırda tikintisi sürətlə davam etdirlən "Laçın dəhlizi"nə alternativ olan bu yol iki hərəkət zolaqlı olacaq. Yol hazır olandan sonra hazırda "Laçın dəhlizi"nə nəzarət edən Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək. Nəticədə Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Qeyd edək ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişəcək. Yeni yol Laçın rayonunun 6 kəndindən keçəcək.

Bütün xəbərlər