Hesablama Palatasının sədrinin maaşı artırıldı - Milli Məclisdə müzakirə edilib

14:15 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Hesablama Palatasının sədrinin maaşı artırılır.

ABC.AZ xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Qüvvədə olan qanunda qeyd edilib ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilir.

 

Bütün xəbərlər