Azərbaycan və Türkiyə aqrar sahədə birgə fəaliyyət istiqamətlərini müəyyən etdilər

12:40 - 21.05.2018


21 may, Fineko/abc.az. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Türkiyəyə səfəri çərçivəsində Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüb.

Nazirliyin məlumatına əsasən, görüş zamanı nazir İnam Kərimov bildirib ki, iki ölkə arasında aqrar sahədə, xüsusilə,  bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar mövcuddur.

“Aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib və bu sahədə inkişaf etmiş ölkələrdən biri olan Türkiyənin təcrübəsini öyrənmək və tətbiq etmək, Azərbaycan üçün əhəmiyyətlidir”, - nazir belə deyib.

Məlumatda qeyd edilir ki, görüş zamanı əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.

 

Bütün xəbərlər