Neftçala şəhərində yeni içməli su şəbəkəsi yaradılır - Foto

15:48 - 23.06.2022


23 iyun, Fineko abc.az. Neftçala şəhərində yeni içməli su şəbəkəsi yaradılır.

Bu barədə  ABC.AZ-a "Azərsu" ASC-dən məlumat verilib.

 Məlumat verilir ki, Tədbirlər Planına uyğun olaraq qısa müddətdə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km magistral kəməri çəkildi  və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edildi. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olundu. Bununla paralel olaraq Neftçala şəhərində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanıldı və hazırda mərhələlərlə davam etdirilir.

Cari ildə Neftçala şəhərində ümumi uzunluğu 90 km olan müxtəlif diametrli su xətlərinin, 21 km kanalizasiya xətlərinin və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi, həmçinin 3000 fərdi yaşayış evinə fasiləsiz və dayanıqlı içməli suyun verilməsi nəzərdə tutulub. İndiyədək  22 km içməli su xətlərinin tikintisi, eləcə də 320 ev bağlantılarının verilməsi başa çatdırılıb. Ümumilikdə, işlərin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Gələcəkdə Neftçala şəhərinin tullantı su şəbəkəsi də yenidən qurulacaq. Layihəyə əsasən, Neftçala şəhərində 116 km kanalizasiya şəbəkəsinin, 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral kəmərin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakinin içməli su  təminatı yaxşılaşacaq.


Bütün xəbərlər