Azərbaycan Bakı-Tbilisi-Qars layihəsində Serbiyanın iştirakı üçün onunla danışıqlara başlayacaq

22.05.2018,10:31


22 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) layihəsində Serbiyanın iştirakı ilə bağlı bəyanatla çıxış edib.

Dövlət başçısı bildirib ki, ötən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi mərasimi keçirilmişdir.

“Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək”, - deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir.