Bakıda Azadlıq prospektinin sakinləri inşaat şirkətindən binanı tozsuz sökməyi tələb edirlər

12:43 - 22.05.2018


22 may, Fineko/abc.az. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  M.Mirqasımov küçəsi ilə Azadlıq küçəsinin kəsişməsində binanın sökülməsi ilə bağlı vəziyyəti  araşdırır.

Nazirliyin məlumatında bildirilir ki, quruma, tozun yayılması və ağacların məhv edilməsi ilə əlaqədar sakinlərdən şikayət daxil olub.

“Vəziyyət, Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən dərhal araşdırılmış və əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 ədəd safora ağacının zədələndiyi müəyyən edilmişdir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, araşdırma zamanı “Azadlıq Residence” MMC tərəfindən “Pilot Layihə” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı məlum olub.

“Mütəxəssislər müəyyən etmişlər ki, ərazidə tozun miqdarının normadan dəfələrlə artıq olub.Faktlarla bağlı akt və protokol tərtib olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”, - deyə məlumatda bildirilir.

 

Bütün xəbərlər