Tikinti şirkəti “Era Tower” pulunu aldığı mənzilləri təhvil verə bilmir

15:36 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar. Bu barədə bina sakinlərinin şikayətində bildirilib.

ABC.AZ xəbər verir ki, iddia edilir ki, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib.

Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.

Sakinlər bildirir ki, məhz etibarlı və güvənli olduğu üçün Ağ Şəhərdəki binalardan ev almaq qərarına gəliblər.

Belə ki, “Era Tower” yaşayış binasından həmin sakinlərə kart da verilib.

Həmin kart isə illərdi yolunu gözlədikləri evlərin ikinci şəxs və ya şəxslərə satılmaması üçün onlara təqdim edilib. Şikayətçilər arasında elələri var ki, 6 ildən çoxdur öz evinin pulunu verib.

Evlərin hər birinin satıldığı deyilir. Sakinlərin sözlərinə görə, “Era Tower”dan sonra tikintisinə başlanılan bütün binalar təhvil verilib. Məsələ ilə bağlı dəfələrlə Ağ şəhər layihəsinə, “Era Tower”in rəhbərliyinə müraciət ediblər. Hətta prezident administrasiyasına da məktub ünvanlanıb. Ancaq hələlik müraciətlər cavabsız qalıb.

Bütün xəbərlər