Uğurlardan doymayan "No Name"lə "Real"ı birləşdirən çempionluq və ya hər ikisi zirvədə!

10:46 - 29.05.2018


29 may, Fineko/abc.az.  “AtaBank” ASC-nin dəstəyi ilə əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub. 36 gün davam edən, gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda yeni çempion müəyyənləşib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan ənənəvi turnirin 7-ci ilində "No Name" yenidən zirvəyə qayıdıb. Yarışın ən titullu komandası bununla da 4-cü dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada “Synergy Group”dan güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. “Synergy Group” ikinci olduğundan ötən mövsümün qalibi MXD bürünc medallara yiyələnib.

Belə ki, mayın 26-da meydana MXD ilə "Qalaaltı" çıxmalı olsa da, ikincilər gözlənilmədən oyuna gəlməyiblər. Bu səbəbdən də 3-cü yer uğrunda matç baş tutmayıb. MXD mübarizəsiz qalib elan olunub. Təşkilatçılar isə "Qalaaltı"nı tək texniki məğlubiyyətlə cəzalandırmayıblar. Onlar komandanın bütün oyunlarının nəticəsini ləğv edərək, turnirin bombardiri olan Aydın İslamovu şəxsi mükafatdan da məhrum ediblər. 

Nəticədə bütün diqqətlər final görüşünə yönəlib. Hər il olduğu kimi, bu dəfə də Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun bir sıra yeniliklərlə diqqət çəkib. "No Name"lə “Synergy Group”un meydana Çempionlar Liqasının himni ilə daxil olması isə arenaya toplaşan çoxsaylı tamaşaçıların alqışları ilə qarşılanıb. Bu da əbəs deyildi. Çünki bu görüşdən cəmi 2 saat sonra qitənin ən mötəbər klub turnirində "Real" - "Liverpul" dueli baş tutacaqdı. Sanki titullardan doymayan Madrid təmsilçisini "No Name", uzun fasilədən sonra özünü təsdiqləmək istəyən Liverpul klubunu “Synergy Group” əvəz edirdi. Hər şey də demək olar ki, uyğun gəlirdi. Həmin final da MDB-də, bu final da MDB-də təşkil olunurdu. Yeganə fərq bu oyunun Azərbaycan paytaxtı Bakıda, Çempionlar Liqasının görüşünün Ukrayna paytaxtı Kiyevdə olması idi. Bir qədər irəli gedərək deyək ki, bütün oxşarlıqlar hesabda da öz əksini tapdı. "Kral klubu" Mersisaydlılara gücünü göstərdiyi kimi, "No Name" də “Synergy Group”a dişini göstərdi. Bu da hər 2 klubda gözlənilən idi. Çünki "Real" kimi "No Name" də final komandasıdır və uğurlardan doymur. Madridlilər kimi rekordlar və qollar vurmağı sevir. Bir sözlə, azarkeşlərinə həmişə sevinc bəxş edir, hərdən zirvədən ensə də, çox keçmədən geri qayıdır.  

"Adsız komanda"nın daha bir oxşarlığı isə əvvəl oyunçu, sonra məşqçi kimi komandaya rəhbərlik edənlərinin olmasıdır. Yəni Zinəddin Zidan "Real"ı bir futbolçu kimi uğurlara daşıdıqdan sonra hazırda klubun "sükanı arxasında"dırsa, burda da Etibar Babaşlı eyni funksiyanı yerinə yetirir. Bunadək komandasına meydanda fayda verən rəhbər bu dəfə çalışdırıcılıq keyfiyyətini də ortaya qoyub. Hətta çəkinmədən demək olar ki, "No Name" məhz Babaşlının qurduğu taktika və verdiyi tapşırıqlarla lazımı nəticəni qazanıb. Buradək uduzmayan komanda turnirə elə qələbə ilə də yekun vurub.  

Matça gəlincə, oyun elə "No Name"in diqtəsi altında keçib. Hakimin final fitindən sonra irəli atılan komanda 7-ci dəqiqədə hesabı da açıb. Ramiz Boqdanovun zərbəsi qarşısıalınmaz olub. O, 9 dəqiqə sonra fərqi 2 topa çatdırıb. Bu da komandanın əsas oyunçusu Fərid Şabanzadənin zərərsizləşdirilməsi səbəbindən reallaşıb. Müdafiədə və hücumda inamlı təsir bağışlayan "No Name" rəqibi kifayət qədər yaxşı analiz edib, "vuran ayağı"nı bağlayıblar. Təbii ki, bu da Şabanzadənin əsəblərinin tarıma çəkilməsi ilə nəticələnib. Komandasını finala daşıyan futbolçu ayaqlarının işə yaramadığını görüb, əli ilə oynamağa başlayıb ki, bu da hakimlər tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Onun ikinci dəfə eyni hərəkəti etməsi isə 23-cü dəqiqədə meydandan kənarlaşdırılması ilə yekunlaşıb. Düzdür, “Synergy Group” 25-ci dəqiqədə penaltidən fərqi azaldıb. Lakin onların bundan artığına gücləri çatmayıb. Belədə "adsız komanda" bütün gücü ilə irəli atılıb. İkinci yarıda demək olar ki, “Synergy Group” heç nə ilə yadda qalmayıb. Bu boşluqdan lazımınca yararlanan "No Name" isə rəqibə rəhm etməyib. Hüseyn Xəlilovun ardınca Ramiz Boqdanov yenidən “Synergy Group”un qapısının torunu sirkələyib. Nəticədə fərq daha da artıb və "No Name" 4:1 hesabı ilə qalib gəlməklə, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onların bu uğurunu isə günün sonunda "Real" təkrarlayıb. Madridlilərin qələbəsində yalnız 1 top fərqi rol oynayıb. Əgər burda Boqdanov het-trik edibsə, orda Qaret Beyl dublla kifayətlənib. "Liverpul" isə “Synergy Group” kimi 1:4 deyil, 1:3 hesabı ilə uduzub.

Beləliklə, uzun sürən marafon "No Name"in qələbəsi ilə başa çatıb. “Synergy Group”un ikinci olduğu turnirdə "üçlüy"ü MXD qapayıb.

Final

“No Name” – “Synergy Group” – 4:1

Qollar: Ramiz Boqdanov, 7, 16, 50; Hüseyn Xəlilov, 31 – Ceyhun Hüseynov, 25 (p)

Üçüncü yer uğrunda matç

MXD - “Qalaaltı” - +:- (texniki qələbə, 5:0)

Oyunların ardınca yarışın bağlanış mərasimi təşkil olunub. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. “No Name” klubuna rəhbərlik edən bank rəsmisi mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, 7 ildir keçirilən turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar.

“AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavininin çıxışından sonra turnirin mükafatlandırma mərasimi də keçirilib. Çempiona İtaliyadan gətirilmiş xüsusi kubokla yanaşı, 5000, 2-ci yeri tutan komandaya 4000, 3-cü pillənin sahibinə isə 3000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu MXD-nin üzvü Elçin Merdiyev seçilib. Yarışın bombardiri adına Fərid Şabanzadə (“Synergy Group”, 14 qol) sahib olub. “No Name”in çempion olmasında xüsusi rolu olan Cahangir Qənizadə qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.


Other news