Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması davam etdirilir

14:51 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Yeni Yasamal 1 yaşayış massivində və Şərifzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının  məhəllədaxili su təchizatı sistemləri yenilənir. 

ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, 2022-ci ilin may-iyun aylarında bu ünvalarda binaların daxili su təchizatı sistemləri yenidən qurulub, şaxtalarından keçən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılıb, 990 mənzilə  yeni ev birləşmələri verilərək yeni sayğaclar quraşdırılıb. Bundan sonra məhəllədaxili paylayıcı şəbəkələrin yenilənməsi işlərinə başlanıb. Yeni layihəyə əsasən, binaların həyətlərində müxtəlif diametrli polietilen borularla  2,6 km metr uzunluğunda su xətləri çəkilərək binaların giriş xətlərinə birləşmə verilir. Şərifzadə küçəsində icra olunan layihə çərçivəsində mövcud nasos stansiyasında yeni nasoslar quraşdırılacaq.

Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Hər bir mənzildə sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, xidmət haqqının vaxtında yığılmasına  və debitor borcların yaranmamasına kömək edəcək.

Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub.

Other news