“Azərsu” Açıq Səhmdar Cəmiyyətində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

11:08 - 1.06.2018


“Azərsu” Açıq Səhmdar Cəmiyyətində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə tullantı sularının idarə olunması sahəsində vəziyyət müzakirə olunub, tullantı sularının yaratdığı problemlərin aradan qaldırılması və vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb. İcra olunan yağış və tullantı su layihələri barədə təqdimatlar keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə “Azərsu” ASC də öz töhfələrini verməkdədir. Bu istiqamətdə son illər kompleks təbirlər həyata keçirilir, Bakı şəhərində mövcud infrastruktur yenidən qurulur, yeni kanalizasiya kollektorları və xətləri çəkilir. Eyni zamanda rayon mərkəzləri və şəhərlərdə icra olunan layihələr çərçivəsində kanalizasiya infrastrukturu yaradılır, tullantı sutəmizləyici qurğuları tikilərək istifadəyə verilir. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək bildirib ki, ətraf mühitin qorunmasını, təbii sərvətlərdən səmərəli istifadə olunmasını prioritet  hesab edən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi, su resurslarının mühafizəsi, Xəzər dənizinin sahil zolağının ekoloji tarazlığının qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Görülən işlərlə yanaşı, tullantı sularının idarə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib.

Sonra Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması məqsədilə  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış Master Planın yağış və tullantı suların idarə edilməsi bölməsinin təqdimatı olub. 

Sənədə əsasən, 150 km-i tunel tipli olmaqla ümumilikdə 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, eləcə də məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd tullantı sutəmizləyici qurğunun tikintisi  və yenidən qurulması layihələndirilib. Abşeron yarımadasındakı göllərdən tənzimləyici hövzə kimi istifadə etməklə 900 km uzunluğunda yağış kollektorlarının tikintisi Master Planda əksini tapıb.

Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasında ən böyük paya malik Hövsan Aerasiya Stansiyasında  yenidənqurma işləri aparılaraq stansiyasının məhsuldarlığının sutkada 640 min kubmetrə, Sumqayıt şəhərində və ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə hazırda məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğunun gücünün 2 dəfə artırılması nəzərdə tutulur. Azərbaycan hökuməti və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsində məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən bioloji tipli müasir tullantı sutəmizləyici qurğunun  tikintisinin davam etdirildiyi qeyd olunub. 

Tullantı sularının təmizləyici qurğulara yönəldilməsi məqsədilə Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novaxnı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km Bayıl-Bibiheybət-Lökbatan, 15 km Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Bayraq meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı apardıqları monitorinqlərin təqdimatı olub. Diqqətə çatdırılıb ki, Xəzər dənizinin Xaçmaz rayonundan Astaraya qədər bütün sahil zolaqlarında və dənizdə mütəmadi monitorinqlər aparılır, dənizə axıdılan sulardan nümunələr götürülür, onların üzərində fiziki, fiziki-kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlillər aparılır. Bakı şəhəri və ətraf rayon ərazilərində bəzi çirkləndirmə mənbələrinin aradan qaldırılması üçün təkliflər irəli sürülüb.

Müzakirələrin gedişində gələcəkdə bu sahədə hər iki qurumun əlaqəli  işləmələri, dənizə axıdılan tullantı sularının qarşısının alınması üçün birgə təkliflərin hazırlanması və tədbirlərin görülməsi barədə razılığa gəlinib.

Other news