2,5 milyon manat alacağımız var - Bağlanma mərhələsində olan Bank rəsmisi

17:16 - 13.10.2022


13 oktyabr, Fineko/abc.az. Pakistan Milli Bankının Bakı filialı olaraq 0,5 milyon manat öhdəliyimizlə yanaşı, təxminən 2,5 milyon manat alacağımız və bunun müqabilində 3,4 milyon manatlıq girovumuz var.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu filialın baş menecerinin müavini Sahib Quliyev təmsil etdiyi kredit təşkilatının Azərbaycan bazarını tərk etməsini şərh edərkən deyib.

"Demək olar ki, bütün kapitalımız Maliyyə Nazirliyinin istiqrazlarındadır. Bu istiqamətdə aktivlərimizin dəyəri 6,7 milyon manatdır", - deyə o, qeyd edib.

S.Quliyevin sözlərinə görə, filialın ləğvinin yaxın 1 ildə tamamlanması nəzərdə tutulsa da, proses uzana da bilər:

"Mən şəxsən buna inanmıram, prosesin ən az 2-3 il davam edəcəyini düşünürəm. Məsələn, 2019-cu ildə Almaata, Düşənbə və Aşqabadda da filiallar bağlanıb. Amma indiyə qədər ləğvetmə prosesi yekunlaşmayıb". Bakı filialının rəsmisi onu da deyib ki, kredit təşkilatında vaxtilə 20-dən çox adam işləyib, son aylar isə işçilərin sayı yarıbayarı azaldılıb: "Artıq 8-9 nəfər ixtisar edilib, bundan sonra isə 6 nəfər saxlanılacaq".

Other news