İlham Əliyev beynəlxalq sərginin iştirakçılarına müraciət edib

11:24 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” – “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı qeyd edib ki, builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir.

“Əminəm ki, “Rebuild Karabakh” Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir”, - deyə prezident bildirib.

O vurğulayıb ki, postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir.

“Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır”, - deyə İ.Əliyev vurğulayıb.

 

Other news