Azərbaycandakı qızıl zavodu genişləndirilir – Açıqlama

17:31 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti flotasiya zavodunun tutumunu iki dəfə artırmaq və əməliyyat çevikliyini yüksəltmək üçün genişləndirmə prosesinə başlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Reza Vəziri deyib.

O bildirib ki, flotasiya zavodunun genişləndirilməsi mədən şirkətinə qısa və ortamüddətli perspektivdə yeni mədənlərdən, o cümlədən 2023-cü ilin ikinci yarısında hasilata başlaması nəzərdə tutulan Zəfər yatağından filiz emal etmək üçün ötürmə qabiliyyətinin artırılmasına şərait yaradacaq. Ümumilikdə zavodun genişləndirilməsi şirkətin illik 100,000 unsiya qızıl ekvivalenti qiymətli metal hasil edən orta səviyyəli mədən şirkəti olmaq hədəfinə çatmasına yardımçı olacaq.

Reza Vəziri əlavə edib ki, zavodun genişləndirilməsi "Anglo-Asian Mining"ə 2,5 milyon ABŞ dollarına başa gələcək və xərclər şirkətin daxili vəsaiti hesabına qarşılanacaq.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

 

Other news