Lima şəhərində ÜGT-nin İnformasiya Texnologiyaları Konfransı və Sərgisi keçirilir

21:19 - 8.06.2018


8 iyun, Fineko/abc.az. İyun ayının 6-da Peru Respublikasının paytaxtı Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb. Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev təmsil edirlər.

Konfrans-sərginin birinci günündə Peru Gömrük və Vergilər Administrasiyasının milli katibi Victor Shiguiyama Kobashigava, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Bürosunun direktoru Taeii Kanq açılış nitqi ilə çıxış ediblər.

ÜGT-nin İKT Konfrans və Sərgisi bu il "Transsərhəd ticarətin inkişafı üçün etibarlı rəqəmsal mühitin yaradılması" mövzusuna həsr olunub. Tədbir çərçivəsində ÜGT-yə üzv dövlətlərin nümayəndələri informasiya texnologiyalarını tətbiq etməklə biznes mühitin təhlükəsizliyinin, dayanıqlı iqtisadi artımın təmin edilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, tədbir çərçivəsində qanuni ticarətin asanlaşdırılması, yüksək riskli malların müəyyən edilməsi sahəsində qabaqcıl texnologiyaların yaratdığı imkanlar və yeni yanaşmalar təqdim edilib, bununla bağlı Süni İntellekt, Blokçeyn Texnologiyası və Əşyaların İnterneti kimi praktiki həllərin gömrük sistemində tətbiqi məsələləri öyrənilib.

Konfransda, həmçinin gömrük sistemində İKT sahəsində qadınların rolu, kiber təhlükəsizlik, Səlahiyyətli İqtisadi Operator institutu sahəsində İKT həllər kimi fərqli mövzular üzrə də fikir və təcrübə mübadiləsi aparılıb.

Sevindirici haldır ki, Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi 2019-cu ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı, iyunun 7-də Azərbaycan nümayəndə heyəti tərəfindən ÜGT üzvlərinə tədbir çərçivəsində müvafiq dəvət ünvanlanıb və Azərbaycan barədə qısa film nümayiş etdirilib.

Konfrans öz işini bu gün yekunlaşdıracaq.

Other news