Ərəb Valyuta Fondu Yəmənə 1 milyard dollar pul ayırdı

12:34 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Yəmən və Ərəb Valyuta Fondu respublikaya iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard dollar vəsaitin ayrılması haqqında saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, imzalanma mərasimində Yəmən tərəfini maliyyə naziri Salem Saleh bin Breik təmsil edib.

O, bildirib ki, yeni saziş neft hasilatının, eləcə də qeyri-neft gəlirlərinin artırılmasına kömək edəcək ki, bu da Yəmənin iqtisadiyyatına və vətəndaşlarının həyatına müsbət təsir göstərəcək.

Yəmənin islahat proqramı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan iştirak edib.

Qeyd edək ki, Ərəb Valyuta Fondu 1976-cı ildə yaradılmış regional maliyyə təşkilatıdır. Onun mühüm vəzifəsi daha çox məzənnə sabitliyinə nail olmaq, ərəb ölkələrinin iqtisadi və pul siyasətini əlaqələndirməkdir.

Other news