“Azercell” “eSim” xidmətini təqdim edir

10:10 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq “Azercell Telekom” bütün istifadəçiləri üçün müasir rəqəmsal xidmət üsullarını daha da rahat edir. Lider mobil operatorun təqdim etdiyi “eSim” xidməti, şirkətin məhsul və xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə daha çevik və yeni formatlı müştəri təcrübəsi imkanları yaratmaq istiqamətində növbəti addımdır.
Mövcud “Azercell” nömrəsini “eSim”ə dəyişmək istəyən abunəçilər “Azercell”in onlayn satış platforması “www.azercellim.com” üzərindən birdəfəlik OTP kod vasitəsilə xidməti tam ödənişsiz aktivləşdirə bilər. Abunəçilərin, həmçinin şirkətin satış məntəqələrinə də müraciət edərək bu xidmətdən yararlanması mümkündür. Qeyd etmək lazımdır ki, “eSim” ilk keçid əməliyyatı pulsuz, sonrakı bütün SIM kart dəyişiklikləri isə mövcud tariflərə uyğun ödənişli əsaslar ilə təklif olunacaq.
“Azercell” “eSim” nömrələrini ilk dəfə əldə edən şəxslər isə xidmətdən operatorun diler şəbəkəsində və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə onlayn şəkildə faydalana bilər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza vasitəsilə imzalanmış sənədlər hüquqi baxımdan əl imzasına bərabərdir.
“Azercell” tərəfindən təqdim olunan “eSim” nömrələrində bir neçə səviyyəli inteqral təhlükəsizlik və autentifikasiya protokolu mövcuddur.
Fiziki SİM kartlarla müqayisədə “eSim” bir çox üstünlüklərə malikdir: mobil cihaz itdikdə, oğurlandıqda və ya zədələndikdə istifadəçinin məlumatlarını qoruyur və bir mobil cihazda bir neçə nömrəni SİM kartı dəyişmədən daşımağa imkan verir. Bundan əlavə, “eSim” ekoloji baxımdan zərərsizdir və beləliklə, qlobal dayanıqlılıq məqsədlərinə uyğun hesab edilir.

Other news