"Unibank"ın sədri dəyişir

11:59 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. "Unibank" ASC-nin İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov gələn il yanvarın 1-dən Bankın Müşahidə Şurasının (MŞ) sədr müavini kimi fəaliyyət göstərəcək.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar "Unibank"ın səhmdarlarının dekabrın 6-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Belə ki, MŞ-nın üzvü Kristof Gabriel Maetze missiyası bitdiyi üçün fəaliyyətini dayandırıb.

Gələn ildən "Unibank"ın İH-nə isə sədrin I müavini, həm də Bankın icraçı direktoru Fərid Abuşov rəhbərlik edəcək. Onun keçmiş vəzifəsini isə İH-nin üzvü Heybət Qədirov icra edəcək.

F.Hüseynov "Unibank" yaradıldıqdan (2002-ci ildən) etibarən Banka rəhbərlik edib. F.Abuşov isə vaxtilə, hazırda ləğv prosesində olan "Dəmir Bank" ASC-nin İH-nin sədri olub, Bank bağlandıqdan sonra "Unibank"ın komandasına qoşulub, 2019-cu ildən MŞ sədrinin strateji inkişaf məsələləri üzrə müşaviri, 2020-ci ildən isə İH-nin sədr müavini çalışıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 86,7 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,3 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Other news