Gömrük Komitəsindən daha bir yenilik - Elektron xidmətini təqdim edib

15:09 - 28.12.2022


28 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi yeni elektron xidmət hava nəqliyyatı vasitəsilə səyahətlər zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyə şərait yaradacaq.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən ABC.AZ-a bildirilib ki, sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidməti vasitəsilə xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən məkandan “e.customs.gov.az” portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz.

Yeni xidmət valyuta və nəqliyyat vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.

Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də təqdim olunan xidmətdən xarici vətəndaşlar da istifadə edə bilərlər.

Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, rahatlığın, şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq.

Other news