Onlayn sifarişlə mal gətirib satan şəxs bu vergiləri ödəməlidir

12:13 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. Beynəlxalq şirkətlərdən satış məqsədilə onlayn sifariş edən fiziki şəxslərin hansı vergi öhdəlikləri yaranır?

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Uçota alınma “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Other news