Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir

16:25 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. 2021-ci il oktyabrın 17-də təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

ABC.AZ xəbər verir ki, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

Hazırda I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir.

Yolun km 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 16 suötürücü boruların tikinti işləri başa çatdırılıb. Bundan başqa bitki qatının çıxarılması 35.8%, qazma işləri 9.5%, torpaq yatağının tikintisi 21.9% yerinə yetirilib. Hazırda bu hissədə nəqliyyat üçün bir alt keçidinin və bir piyada keçidinin tikintisi davam etdirilir. Layihənin 0-32,4 km hissəsi üzrə fiziki tərəqqi 8.64% təşkil edir.

 

Other news