Bakıda tikilən daha bir metroda inşaat işləri yekunlaşmaq üzrədir

16:44 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.

ABC.AZ xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilir ki, tikinti işləri “Qruntda divar” üsulu ilə aparılır.

Qeyd edək ki, buna qədər xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları da eyni üsulla inşa olunub.

“Qruntda divar” ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu ilə fərqlənir, inşaat işlərinin məhdud məkanda effektiv aparılmasına imkan verir. Burada istifadə olunan konstruksiyalar daha etibarlı, sukeçirməzdir, həmçinin material və işçi qüvvəsinin sərfiyyatı baxımından qənaətcildir. Bu üsulun tətbiqi ilə aparılan tikinti zamanı torpaqda dinamik titrəyişlər törənmir, səs-küy yaranmır. Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması üçün xüsusi texniki qurğulara ehtiyac qalmır.

Tikinti işləri dərin və ensiz xəndəklərin qarşı-qarşıya qazılmasından başlanıb. Xəndəklərin divarları bentonit məhlulu ilə emal olunmaqla möhkəmlənib, uçqun təhlükəsi aradan qaldırılıb. Sonradan bu xəndəklərə dəmir-beton panellərin metal konstruksiyaları yerləşdirilib və xəndəklər beton məhlulu ilə doldurulub. İki divar arasında qalan sahədə qruntçıxarma işləri aparılıb ki, bu da əvvəlki üsullarla müqayisədə daha az vaxt aparır və daha ucuz başa gəlir.

 

Other news