Braziliyada türk dilli ölkələrin mədəniyyətinə dair elmi konfrans keçirilib

12:50 - 25.10.2017


Cari ilin 23 oktyabr tarixində, Braziliya Federativ Respublikasında akkreditə olunmuş Azərbaycan, Qazaxıstan və Türkiyə Səfirliklərinin təşkilatçılığı ilə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcədə TÜRKSOY və Braziliya Milli Konqresinin senatında, Azərbayca-Braziliya dostluq qrupunun sədri, senator Kristovam Buarkenin dəstəyi ilə Braziliya Milli Koqresində Türk dilli ölkələrin mədəniyyətinə dair elmi konfrans, konsert və foto sərgi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan senator Kristovam Buarke, mədəniyyətlərarası dialoqun və belə tədbirlərin Braziliya üçün vacibliyindən danışmışdır. Sonra, hər üç ölkənin Səfirləri tədbirin mahiyyətinin vacibliyinə dair qısa təqdimat ilə çıxış etmişlər.

Tədbirə qatılan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Səfir Günay Əfəndiyeva, “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq mədəni dialoqdakı rolu” mövzusu ilə çıxış edərək, Fond haqqında və onun gördüyü işlərə dair ətraflı məlumat vermişdir.

Tədbirin elmi konfrans hissəsində, AMEA-nın Şərqşünaslıq İnstitutu direktorunun müavini, Elmlər Akademiyasının həqiq üzvü Şahin Mustafayev “Türk xalqlarının şərqə doğru hərəkəti: tarixi və mədəni təkamülün mərhələləri” mövzusunda çıxış edərək, mövzu üzrə təqdimat keçirmişdir.

Ardından, çıxış edən Braziliyalı tədqiqatçı Tereza Kolor (Thereza Color) “türk xalqlarının zərgərliyi” mövzusunda danışaraq, qonaqları mövzuya aid kolleksiya ilə tanış etmişdir.

Konfransdan sonra, tədbirin bəddi hissəsində, TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş “TÜRKSOY-un Mədəni Diplomatiyası” mövzusunda çıxış etmişdir.

Sonra, Azərbaycan, Türkiyə və Qazaxıstandan olan musiqiçilərin ifasında türk xalqlarının musiqisi konserti keçirilmişdir.

Həmin gün, Braziliya Milli Konqresində Azərbaycanın Türkiyənin və Qazaxıstanın ümumi türk mədəniyyətinə aid fotolarının açılışı mərasimi keçirilmişdir.

Foto sərginin açılışında, senator Kristovam Buarke, Azərbaycan, Türkiyə və Qazaxıstan səfirləri  -Elxan Poluxov, Ali Kaya Savut və Kayrat Sarjanov, eləcədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş çıxış etmişlər.

Tədbirdə, Braziliya Parlamentinin üzvləri, Universitet professorları, elmi dairələrin mütəxəssisləri, diplomatik korpus, Braziliya ictimaiyyətinin fəal üzvləri, jurnalistlər və tələbələr iştirak etmişlər.

Qeyd olunmalıdır ki, Braziliyada ilk dəfə türk xalqlarının birgə mədəni irsinin təbliğinə aid olan hər üç tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.

Other news