“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

09:50 - 22.06.2018


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik yubileyinə  həsr etdiyi  rəsm müsabiqəsi başa çatıb.

“Yaşa, Azərbaycanım!” şüarı ilə müsabiqənin  keçirilməsində  başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqəyə 5-14 yaşlı uşaqlar tərəfindən təqdim olunmuş 200-ə qədər rəsm əsərindən 93-ü sərgidə nümayiş olunmaq üçün seçilib. Bu rəsmlərdən 12 əsər “Azərmarka” MMC tərəfindən seçilərək, poçt açıqcası kimi çap olunub. Rəsmləri sərgidə nümayiş üçün seçilənlər arasında 5-6 yaşlı uşaqlar üstünlük təşkil edib.

Müsabiqənin qalibləri isə peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçilib. Beləliklə, I yerin qalibi 6 yaşlı Mehin Süleymanzadə, II yerin qalibi 14 yaşlı Fuad Anzurov, III yerin qalibi isə 7 yaşlı Zəhra Məmmədzadə olub.

Qaliblər və seçilmiş rəsmlərin müəllifləri  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  və “Azercell Telekom” MMC şirkəti tərəfindən mükafatlandırılıb.

 

Other news