Azərbaycanın Respublikasının Sudan Respublikasında fəxri konsulu “ASAN xidmət”də

10:59 - 27.10.2017


“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun dəvəti ilə Bakıda səfərdə olan Azərbaycanın Respublikasının Sudan Respublikasında fəxri konsulu Tarıg Hamza Zeynəlabdin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Daha sonra fəxri konsul T.H.Zeynəlabdin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla görüşüb.

Görüş zamanı “ASAN xidmət” təcrübəsi, uğurları və yaradıla biləcək qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə olunub. Həmçinin, Fəxri konsula Azərbaycanda innovativ  islahatlar istiqamətində görülən işlər, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” haqqında da məlumat verilib. Bildirilib ki, Konsorsium ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur.

Konsorsiumun məqsədi və fəaliyyət istiqamətiylə tanış olan qonaq üzv olan şirkətlərə səfər edib və bu şirkətlərin xidmət, məhsulları ilə tanış olub.

 

Other news