TANAP üçün 750 milyon dollarlıq sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb

13:28 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  Fineko/abc.az Azərtac-a istinadən xəbər verirki,  “Cənub Qaz Dəhlizi” QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə Trans-Anadolu (TANAP) boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.

QSC-dən bildirilib ki, iyunun 29-da “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə 500 milyon ABŞ dolları və 215 milyon avro ilə, ümumilikdə 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev imzalayıb.

Əfqan İsayev “Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verib: “Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gündən Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir”.

O deyib: “Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, habelə Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi (CQBKG) üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100 faiz yerinə yetirilib. Eyni zamanda TANAP-ın inşası üzrə işlərin 94,8 faizi, “Trans-Adriatik” boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 74,6 faizi icra edilib”.

Əfqan İsayev qeyd edib: “Tikinti işləri uğurla davam etdirilir. “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 17,8 milyard dollar xərclənib), CQBKG layihəsi üzrə 4,5 milyard dollar (Mayın sonuna 4,2 milyard dollar xərclənib), TANAP layihəsi üzrə 8 milyard dollar (Bu ilin mayın sonuna 5,5 milyard dollar xərclənib) və TAP layihəsi üzrə 4,5 milyard avro (May ayının sonuna 3 milyard avro xərclənib) məbləğlərində qiymətləndirilir. “Cənub Qaz Dəhlizi” QSC 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard ABŞ dolları təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9,1 milyard ABŞ dolları (təqribən 80 faiz) investisiya edilib”.

“Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz-2” layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il fevralın 25-də imzaladığı Sərəncam əsasında yaradılıb və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.

Other news