Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Caspian European Club əməkdaşlığı genişləndirir

15:55 - 4.07.2018


Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyilə Klubun nümayəndə heyətini qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, Caspian European Club-un fəaliyyəti, alternativ və bərpa olunan enerji mənbələri sahəsinin inkişafının əsas tərəfləri müzakirə olunub.

Mövzulardan biri ayrı-ayrı yaşayış məntəqələrinin, həmçinin böyük şəhərlərin, sosial obyektlərin (xəstəxana, məktəb), ictimai nəqliyyat, metropoliten və strateji əhəmiyyətli obyektlərin alternativ və bərpa olunan enerji mənbələrinə keçid imkanlarının müzakirəsi olub. Mövzu qanun, hökumət, eləcə də xarici investisiya və texnologiyanın bu sahəyə cəlb edilməsi üçün münbit investisiya mühitinin yaradılması nöqteyi-nəzərindən özəl biznes səviyyəsində müzakirə olunacaq.

Analoji qurumlarla bu formatda görüşlər davam etdiriləcək. Gələn həftə dövlət və özəl şirkət rəhbər və nümayəndələrinin, yerli və xarici ekspertlərin iştirakı ilə baş tutacaq ekspert şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə təqdim etmək üçün xüsusi hesabat hazırlanacaq.

Telman Əliyev göstərilən diqqətə və Caspian European Club ilə əməkdaşlığa görə Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə minnətdarlığını bildirib.

O, ikitərəfli əməkdaşlığın alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki problemlərin həllinə kömək edəcəyinə, Caspian European Club-un isə öz növbəsində bizneslə dövlət agentliyi arasında aktiv dialoqun davam etməsi üçün təkliflər üzrə öz səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini ifadə edib.

3 saat 15 dəqiqə davam edən görüşün yekununda daimi işçi qrupun yaradılması barədə razılıq əldə olunub. İşçi qrup çərçivəsində Caspian European Club, Caspian American Club və Caspian European Club-un üzv şirkətlərinin alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki bütün problem, xahiş və təklifləri müzakirə olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Other news