ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

16:11 - 4.07.2018


Bakı şəhəri - Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından  bütün uçuşlarda sərnişinlərin əl yükündə  350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur. 

Belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir. Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir.

350 ml-dən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər.

Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərtilə daşınmaya qəbul edilir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Nyu-York-Bakı istiqaməti üzrə müntəzəm birbaşa reyslər həyata keçirilir. AZAL J2-101/J2-102 reysi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri Boeing 787 Dreamliner hava gəmisi ilə həyata keçirilir.

Qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək. "Azərbaycan Hava Yolları" aviaşirkəti sərnişinlərdən baqajın daşınmasına dair yeni qaydaları nəzərə almağı xahiş edir.

 

Other news