Azərbaycan və Latviya arasında hüquqi əlaqələr inkişaf edir

16:15 - 23.07.2018


23 iyul, Fineko/abc.az. Ötən il Azərbaycan və Latviya Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.

Memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədris tədbirləri keçirilir, qarşılıqlı müsbət təcrübələr öyrənilir.

Əməkdaşlığın davamı olaraq Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub.

Səfər zamanı Azərbaycan və Latviya ədliyyə nazirləri Riqa şəhərində "Azadlıq" abidəsini ziyarət edib, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd edilib, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Dövlətimizin başçısının təsdiq etdiyi strateji yol xəritələrindən irəli gələn vəzifələrə uyğun olaraq mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun yaradılması prioriteti nəzərə alınaraq, nümayəndə heyətimiz bu ölkənin Mediasiya Şurasının rəhbərliyi ilə görüşüb. Görüşdə bu sahədə Latviyada işin təşkili ilə maraqlanılıb, mediasiyanın tətbiqi imkanları, onun vətəndaşlar üçün üstünlükləri, mediatorların hazırlanması və s. məsələlərlə bağlı təqdimat keçirilərək səmərəli fikir mübadiləsi aparılıb.

 

Ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına əsasən azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrasının təşkili məqsədilə Probasiya xidmətinin yaradılması, o cümlədən elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması nəzərə alınaraq bu sahədə zəngin təcrübəyə malik Latviyanın Dövlət Probasiya xidmətinin rəhbərliyi ilə görüş keçirilib, qurumun fəaliyyətinə dair müzakirələr aparılıb, xidmətin regional qurumları, elektron monitorinq sistemi ilə əyani tanış olunub.

 

Eyni zamanda məhkəmə qərarlarının səmərəli icrasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə Latviyanın təcrübəsi öyrənilib, o cümlədən icra zamanı uşaq hüquqlarının qorunmasına dair yeni mexanizmlərin tətbiqi üzrə müzakirələr aparılıb və təqdimatlar keçirilib.

 

Həmçinin, səfər zamanı hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və yeniliklərdən bəhrələnmək imkanları araşdırılıb, ədliyyə fəaliyyətində “süni intellektin” tətbiqi, vətəndaşlara xidmətlərin video-konfrans vasitəsilə göstərilməsi xüsusi maraq doğurub.

 

Tədbirlərdə ölkəmizin Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.

Other news