Gürcüstanda kriptomat şəbəkəsinin xidməti “BS/2” şirkətinə həvalə edildi

11:55 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Bankçılıq həllərində ixtisaslaşan “BS/2” şirkəti və kriptovalyuta bankomatlarının tədarükçüsü olan “Cryptomat” Gürcüstanda kriptomat şəbəkəsinin kompleksli xidməti haqqında müqavilə imzaladı.

Cari ilin sonuna qədər bu ölkənin iri şəhərlərində bitkoin və laytkoinlərin ticarətini həyata keçirən təxminən 20 ədəd kriptovalyuta bankomatının quraşdırılması planlaşdırılır.

Dünya Bankının məlumatına görə, Gürcüstan dünyada kriptovalyuta qazananlar sırasında üçüncü yeri tutur. Gürcüstan vətəndaşlarının 5%-i  kriptovalyutaya malikdir və ya onu investisiya edir. Gürcüstandakı layihəni, törəmə şirkət , ilk üç kriptovlayuta bankomatının xidmətinə cavabdeh olan “BS/2 Georgia” şirkətinin dəstəyi ilə, Litva şirkəti həyata keçirir.

“Gürcüstanın kriptovalyuta bazarı daim inkişaf edir, buna görə də biz istəyirik ki, ölkəmizin sakinləri və qonaqları kriptovalyuta ala bilsin və onunla əməliyyatlar həyata keçirsin. Gürcüstanda ən iri kommersiya və dövlət bankları ilə zəngin iş təcrübəsinə malik olan “BS/2 Georgia” şirkəti ilə əməkdaşlıq etməyə şadıq. Ümid edirik ki, kriptovalyutanın tətbiqi sahəsində əməkdaşlığımız  da faydalı və konstruktiv olacaqdır”, - deyə “Cryptomat”ın direktoru İoseb Bolkvadze bildirib. 

Onun sözlərinə görə, ənənəvi bankomatlarla oxşarlığına baxmayaraq, kriptovalyuta  bankomatlarının bəzi fərqləri var. Bunlardan ən əhəmiyyətlisi kriptovalyuta  alqı-satqısı və maliyyə əməliyyatlarının  bank kartları vasitəsi ilə deyil, elektron pulqabı vasitəsilə aparma imkanıdır.

“Bank sənayesinin kriptovalyutaya artan marağı ilə bağlı bu layihə şirkətimiz üçün çox maraqlıdır. Gürcüstanda artıq bir sıra innovativ layihələr həyata keçirmişik, buna görə də kriptovalyuta sahəsində əməkdaşlıq üçün tərəfdaşlarımızın məhz bizim şirkətimizi seçməsi bizim üçün çox xoşdur”, - “BS/2 Georgia” şirkətinin icraçı direktoru Andrey Smirnov belə deyib.

Hazırda Gürcüstanda bank avadanlıqlarının xidməti və ödəniş infrastrukturunun inkişafı üzrə xidmətlər təqdim edən  “BS/2 Georgia” şirkətinin 6 servis mərkəzi fəaliyyət göstərir.

 


Other news