Ümumdünya Hepatit Gününə həsr olunmuş mətbuat konfransı keçirilib.

15:15 - 27.07.2018


27 iyul, Fineko/abc.az. İyulun 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 28 iyul – Ümumdünya Hepatit Gününə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd edilir. Dünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən təyin olunan bu günün məqsədi dünya əhalisini hepatit virusları barədə məlumatlandırmaq, bu amansız xəstəliyə qarşı mübarizə səylərini gücləndirməyə çağırmaqdır. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini hazırlayan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin anadan olduğu tarixlə bağlıdır. Hepatitə qarşı birgə mübarizəyə çağıran Səbinə Babazadə Ümumdünya Hepatitlə Mübarizə Gününün builki devizini diqqətə çatdırıb. “Dünya Səhiyyə Təşkilatı bu ilin şüarını belə elan edib: “İtirilmiş milyonları tapaq!”. Belə bir devizlə məqsəd bəşəriyyətin diqqətini milyonlarla insanın həyatına son qoyan hepatit xəstəliyinə yönəltmək və hamını bu viruslara qarşı mübarizəyə səsləməkdir”, - deyə o qeyd edib. Azərbaycanda hepatitlərlə mübarizə sahəsində zəruri addımların atıldığını vurğulayan S.Babazadə ölkəmizdə xəstələrə zəruri dərman preparatlarının dövlət hesabına verildiyini və müalicə işinin aparıldığını, profilaktik tədbirlər baxımından İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Özünü hepatitdən qoru!” mövzusunda maarifləndirici materialların hazırlanaraq çap edildiyini və əhaliyə paylanıldığını bildirib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyanın sədr müavini Həqiqət Qədirova çıxışında hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə KİV nümayəndələrinə dolğun məlumat verib. O deyib ki, xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır. Stomatoloq müayinəsində də həkimin hər xəstə üçün steril alət dəstindən istifadə etməsi məsləhətdir. O bildirib ki, viruslu hepatitlər insan orqanizminə yoluxandan sonra ağır fəsadların olması qaçılmazdır. Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır. Stomatoloq müayinəsində də həkimin hər xəstə üçün steril alət dəstindən istifadə etməsi məsləhətdir. O, həyata keçirilən tədbirlər, həmçinin yeni preparatların tətbiqi nəticəsində sağalma faizinin yüksək olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmizdə aparılan vaksinasiya, xəstəliyin diaqnostika, müayinə və müalicəsi sahəsində, eləcə də görülən antiepidemioloji tədbirlər bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olub. Qeyd edilib ki, vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya – qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır.

ATU-nun Tədris Terapevtik Klinikasının həkim qastroenteroloq-gepatoloqu İlhamə Əmiraslanova çıxışında bildirib ki, hepatit viruslarına hər kəs yoluxa bilər. Amma bu, o demək deyil ki, hepatitdən qorunmaq mümkün deyil. Bunun üçün bir sıra gigiyena qaydalarına əməl etmək, xüsusən şəxsi gigiyena vasitələrindən – diş fırçası, üzqırxan və manikür alətlərindən fərdi qaydada istifadə etmək lazımdır.

Yekunda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və iştirakçılara İSİM tərəfindən hazırlanmış “İİV və HEPATİT B, C – bunları bilmək vacibdir!” maarifləndirici materiallar paylanılıb.

Other news