İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

19:45 - 27.07.2018


27 iyul, Fineko/abc.az. İyulun 27-də İqtisadiyyat naziri Şahin Mustafayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələnlər güzəştli kreditlərin verilməsi, heyvandarlıq, Cocuq Mərcanlı qəsəbəsinə suvarma suyunun çəkilməsi, Füzuli rayonunun Zobucuq-3 qəsəbəsində xalçaçılıq emalatxanasının, özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatının yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, bitkiçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

İqtisadiyyat naziri tərəfindən Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar bölgələrdə, xüsusilə cəbhəboyu rayonlarda vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

 

Other news