Dövlət Fitosanitar Xidməti Göygöl rayonunda regional müşavirə keçirib

11:20 - 30.07.2018


30 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti Göygöl rayonunda “Respublika ərazisində aqrokimyəvi xidmətlərin təşkili və bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsində texniki təhlükəsizlik qaydaları” mövzusunda regional müşavirə keçirib. Müşavirədə Dövlət Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin,  regional aqrokimya laboratoriyaların əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd fermerlərə göstərilən aqrokimyəvi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bitki mühafizəsində pestisidlərin tətbiqi ilə bağlı texniki təhlükəsizlik qaydalarına əməl olunması sahəsində fermerlərin maarifləndirilməsi olub.

Azərbaycan Respublikasında mövcud olan fitosanitar vəziyyət barədə məlumat verən Dövlət Xidmətinin rəisi Ələddin Eyvazov bildirib ki, ölkənin bitki örtüyünün qorunub saxlanması, bitkilərin karantin və xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsi, məhsul itkisinin qarşısının alınması Dövlət Xidmətinin qarşısına qoyulan ən vacib məsələlərdən biridir“Cari ilin 6 ayı ərzində Respublika üzrə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 2604105 hektar sahədə müşahidə işləri aparılıb, 1230613 hektar sahədə sirayətlənmə və yoluxma aşkar edilib, 1047291 ha sahədə mübarizə işləri aparılıb. O cümlədən 427527 ha sahədə mexaniki, 471732 ha sahədə kimyəvi mübarizə təşkil edilib. Kimyəvi mübarizə tədbirlərinin 899259 hektarı təsərrüfat subyektlərinin hesabına, 148032 hektarı isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına aparılıb. Abşeron rayonlararası Bioloji laboratoriyası tərəfindən 2018-ci ildə trixoqrammanın yetişdirilməsi prosesi davam etdirilib və bu günədək Kürdəmir, Beyləqan və İmişli rayonlarının pambıq sahələrində 1680 hektar sahədə pambıq sovkasına qarşı trixoqrammanın tətbiqi həyata keçirilib. 2018-ci ilin 6 ayı ərzində də regional aqrokimya laboratoriyalarında torpaq mühiti, duzluluq, qida maddələri və mikroelemetlərin təyini üzrə 918 analiz aparılıb”.

Ə.Eyvazovun sözlərinə görə, cari ildə insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanıb və fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib.

“Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatların tənzimlənməsi və texniki təhlükəsizlik qaydaları barədə” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov qeyd edib ki, əkin sahələrində həyata keçirilən mübarizə tədbirləri zamanı fenoloji müşahidələrin vaxtında aparılmaması, xəstəlik və zərərvercillərin düzgün təyin edilməməsi, pestisidlərin düzgün seçilməməsi, texniki vasitələrin, eyni zamanda çiləyici aqreqatların nizamlanmasında, çiləyici ucluqların kalibirovka olunmasında və digər məsələlərdə yol verilən yanlışlıqlar sonradan ciddi problemlərin yaranmasına səbəb olur.

Onun sözlərinə görə, çox zaman fermerlər işçi məhlulu hazırlayarkən bir çox yanlışlıqlara yol verirlər ki, bu da sonda ciddi fəsadlara yol açır: “Çünki, onlar qarışıq sulardan istifadə edirlər ki, həmin suyun içərisində olan mexaniki qarışıqlar da pestisidlərin təsirini azaldır. Bundan başqa, kimyəvi mübarizə zamanı istifadə olunan suyun tərkibi mühüm əhəmiyyət kəsb edir.   Belə ki, pestisidlərin qablaşdırma vasitələrinin üzərində hansı PH mühitində həll olunması və hazırlandıqdan sonra hansı müddətdə istifadəsinə icazə verilməsi göstərilir. Turş və qələvi mühiti normadan artıq olduqda, kimyəvi preparatın təsiri zəifləyir”. 

“Torpaqların kompleks aqrokimyəvi analizlərində müasir texnologiya və üsulların tətbiqi” mövzusunda çıxış edən Dövlət Xidmətinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə, torpaq nümunələrinin götürülməsində beynəlxalq metodların tətbiqi, makro, mikro elementlər və ağır metalların təyini, həmçinin laboratoriyalarda texniki və idarəetmə menecmentinin təşkil olunması kimi məsələlər ətrafında geniş məruzə ilə çıxış edib: “Beynəlxalq metodlar dedikdə, İSO, ASTM, SM, AOAC kimi sistemlərin tətbiq olunması metodları nəzərdə tutulur. Bu sistemlər inkişaf etmiş dövlətlərin laboratoriyalarında geniş formatda tətbiq olunur. Makro və mikro elementlərin tətbiqi az bir zamanda kompleks müayinələrin aparılmasına şərait yaradır. İSO/MEK 17025-2017 standartının tətbiqi laboratoriyaların funksionallığını müəyyən etməklə yanaşı, texniki səlahiyyətliliyin akkreditasiyasını tənzimləyir”.

Other news