Mərkəzi Bank uşaqlar üçün növbəti yay məktəbi keçirmişdir

15:49 - 30.07.2018


Azərbaycan Respublikasının Mərkəzi Bankının iqtisadi maarifləndirmə istiqamətində həyata keçirdiyi və iştirakçıların böyük marağına səbəb olan tədbirlərdən biri də yay məktəbidir.

2016-cı ildən etibarən təşkil edilən yay məktəbi cari ildə 11-13 yaşlı uşaqlar üçün “Maliyyə bacarıqlarını kəşf et!” şüarı ilə keçirilmişdir. Tədbirin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planların qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirmək olmuşdur.

Yay məktəbində uşaqlara hər günün mövzusuna uyğun təqdimatlar keçirilmiş, öyrədici videoçarxlar izlədilmiş və intellektual oyunlar oynadılmışdır. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar müxtəlif tapşırıqlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılmışdır.

Qeyd edək ki, budəfəki yay məktəbinə “AccessBank” və “Atəşgah” Sığrorta Şirkəti də dəstək vermişdir. Yay məktəbi çərçivəsində iştirakçılar dəstəkləyici qurumların baş ofislərinə də  səfər etmişdilər. Uşaqlara bank xidmətləri və sığorta fəaliyyəti haqqında ətraflı məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Yay məktəbi ərzində iştirakçılar təlim materialları ilə təmin olunmuş, tədbirin sonunda müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılmışlar.

 

Other news