Azərbaycan - Tacikistan işgüzar görüşü keçirilib

19:15 - 10.08.2018


10 avqust, Fineko/abc.az. Avqustun 10-da Bakı Biznes Mərkəzində Azərbaycan - Tacikistan işgüzar görüşü keçirilib.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, İKT, turizm, maliyyə, logistika, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.

İşgüzar görüşdə çıxış edən iqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev işgüzar görüşün Tacikistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində təşkil olunduğunu, iş adamlarının iştirakı ilə belə tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayıb. 2017-ci ildə Bakıda keçirilmiş Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 4-cü iclası çərçivəsində Tacikistanın investisiya imkanlarına dair təqdimatın təşkil olunduğunu xatırladan nazir Şahin Mustafayev bugünkü tədbirin də ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini bildirib. Vurğulanıb ki, işgüzar görüşdə bir çox Azərbaycan şirkətlərinin nümayəndələrinin iştirak etməsi yerli sahibkakarların Tacikistan iqtisadiyyatına olan marağını göstərir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən nazir Şahin Mustafayev sənaye, o cümlədən dağ-mədən sənayesi, kənd təsərrüfatı, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlıq, birgə layihələrin reallaşdırılması, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nehmatullo Hikmatullozoda qeyd edib ki, Tacikistan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu göstərir. Nazir Nehmatullo Hikmatullozoda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının fəaliyyətinin müxtəlif sahələrdə əlaqələrin inkişafı və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu bildirib. Tacikistanın investisiya imkanlarına və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair təqdimatında isə nazir Nehmatullo Hikmatullozoda ölkəsinin iqtisadiyyatına, investisiya mühitinə, həyata keçirilən layihələrə və potensial əməkdaşlıq istiqamətlərinə dair məlumat verib, Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə fəal iştiraka və investisiya qoyuluşuna dəvət edib.

Sonra işgüzar görüşdə iştirak edən yerli şirkətlərin təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, sənaye, İKT, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, Tacikistan rəsmiləri Azərbaycan iş adamlarını maraqlandıran sualları cavablandırıblar.

Other news