AQTA nümayəndələri Gəncədə işlə təmin olunmaq üçün müraciət edən sakinlərlə görüşüb

16:00 - 11.08.2018


11 avqust, Fineko/abc.az. Avqustun 11-də Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məhsəti Gəncəvi Mərkəzinin inzibati binasında Qida Təhlükəsizliyi İnstitutunda və yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən Gəncə şəhər və ətraf rayonların sakinləri ilə görüşüb.

Əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən Agentliyin sədr müavini Rüfət Rüstəmzadə iş üçün müraciət edən iddiaçıları dinləyib, onların peşəkarlıq səviyyəsi ilə tanış olub. İşlə təmin olunmaq istəyən vətəndaşların müraciətləri qeydiyyata alınıb və vakant vəzifələrə uyğun olan iddiaçılarla bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.

Keçirilən görüşün Gəncə şəhərində işsizliyin aradan qaldırılması və əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev müraciət edən vətəndaşlara uğurlar arzulayıb.

Görüşdə vətəndaşlara dövlət başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamlar haqqında məlumatlar verilib, sakinləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Other news