Biləsuvarda “Nyukasl xəstəliyi”nə qarşı profilaktiki tədbirlər davam etdirilir.

11:45 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Biləsuvarda ev quşları arasında “Nyukasl xəstəliyi”nə qarşı  "H" ştammı ilə profilaktiki tədbirlər davam etdirilir. Rayonun Muğan, Bəydilli, İsmətli, Əsgərabad, Amankənd , Ağayri və digər kəndlərində  peyvəndləmə işi yekunlaşmaq  üzrədir.

2018-ci ilin 7 ayı  ərzində Biləsuvar rayonunda “Nyukasl  xəstəliyi”nə  qarşı 228058 baş “H” ştammı  ilə,  357864 baş “La-sota” ştammı ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Cari ilin 7 ayı ərzində respublika epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində “Nyukasl xəstəliyi”nə qarşı 18179345 baş quşda “H” ştammı, 19711364 baş cücədə isə “La-sota” ştammı ilə peyvəndləmə aparılıb.

“Nyukasl xəstəliyi” quşların yüksək kontagioz (xəstəliyin kontaktda olan bir heyvandan digərinə keçməsi) virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.
Xəstəliyə qarşı peyvəndləmə intranasal (gözə və ya buruna  damızdırma), yaxud aerozol üsulla aparılır. Hazırda “Nyukasl xəstəliyi”nə qarşı “B1”, “La-Sota”, “Klon 30” və “H” ştammlarından hazırlanan diri və inaktivasiya (zəiflədilmiş) olunmuş vaksinlərdən istifadə edilir. Ölkəmizdə isə quşlarda “Nyukasl xəstəliyi”nə qarşı daha səmərəli olan “H” və “”La-sota” ştammları ilə peyvəndləmə aparılır.  

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən “Nyukasl xəstəliyi”nə görə epizootik vəziyyət sabitdir.

Other news