Bu gün Azərbaycan manatının 26 yaşı tamam olur

11:45 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Azərbaycan manatı 1992-ci il avqustun 15-də istifadəyə verilmişdir.

Müstəqilliyin əldə olunmasından sonra milli valyutanın tətbiq edilməsi haqqında fərmanı Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy imzalamışdır.

İlk olaraq manat, 1 manat = 10 rubl nisbətində olmaqla, sovet rublu, həmçinin Rusiya Bankının 1992-1993-cü illərin nümunəsinin biletləri ilə paralel şəkildə dövriyyədə idi.

22 noyabr 1993-cü il tarixində sovet və Rusiya rublu dövriyyədən çıxarılmışdı və 1994-cü il yanvarın 1-dən Azərbaycan manatı ölkə ərazisində yeganə qanuni ödəmə vasitəsi  oldu.

1 yanvar 2006-cı il tarixində  5000:1 nisbətində denominasiya keçirilmişdir. Daha əvvəl buraxılmış pul nişanları 1 yanvar 2007-ci il tarixinə qədər dövriyyədə qalmışdır.

Müasir manat 6 növ sikkə və 7 növ əskinas (sikkələr - 1, 3, 5, 10, 20, 50 qəpik; əskinaslar 1, 5, 10, 20, 50, 100, 200 manat) ilə təqdim olunur.

Əskinasların dizaynı, avro əskinaslarının müasir dizaynını işləyib hazırlayan Avstriyalı dizayner Robert Kalina tərəfindən hazırlanmışdır. Sikkələr də həmçinin avro sikkələri ilə müəyyən bir oxşarlıq ifadə edir.

Əskinasların bir hissəsi Azərbaycan Mərkəzi Bankının sifarişi ilə Britaniyanın "De La Rue" özəl şirkəti tərəfindən çap olunur.

 

Other news