Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub

15:29 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasında (ABA) banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupunun iclası keçirilib. İclasda banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtlərinin ilkin mətni üzərində İşçi Qrupuna üzv olan, müxtəlif bankları təmsil edən hüquqşünasların qeyd və təklifləri müzakirə edilib.

İclas zamanı şərtlərin tətbiq sahəsi dəqiqləşdirilib və ilkin olaraq yalnız istehlak kreditləri üzrə tətbiq ediləcəyi qərarlaşdırılıb.

Müəyyən edilib ki, banklar müştərilərlə bağlayacağı müqavilələrdə konkret kredit məhsulu üzrə, şərtlərin müddəalarına zidd olmayan xüsusi qaydalar və şərtlər barədə razılığa gələ bilərlər. Qanunvericilikdə mövcud olan bir çox anlayışlar mətndən çıxarılıb. Həm bankın, həm də müştərilərin hüquq və vəzifələri dəqiqləşdirilib. Bankların praktikaları nəzərə alınaraq bəzi şərtlər ümumiləşdirilib.

Eyni zamanda, qanunvericilikdə baş vermiş son yeniliklərə uyğun olaraq bəzi müddəalar həmin yeniliklərə uyğunlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

Other news