Şəkidə taxıl toxumları xəstəliklərə qarşı dərmanlanır

18:36 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Hazırda Şəki ərazisində payızda səpiləcək taxıl toxumlarının təmizlənməsi, kondinsiyaya çatdırılması, xəstəlik və zərərvericilərə qarşı dərmanlanması prosesi həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Şəki rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən bu günə qədər 1650 ton toxum dərmanlanıb və hazırda dərmanlama prosesi davam etdirilir. Toxumların dərmanlanmasında sürmə xəstəliklərinin qarşısını alan rubin (1,5 kq/ton) fungisidi ilə yanaşı, kök çürüməsi xəstəliklərinin qarşısını alan tebuji (0,5 l/ton), divident (1,0 l/ton),  selest top (1,0 l/ton) fungisidlərindən geniş istifadə olunur. Bu preparatlar toxumları həmin xəstəliklərdən qorumaqla yanaşı, taxılda pas xəstəliyinin də azalmasında böyük rol oynayır.

Toxumların səpinqabağı geniş spektrli fungisidlərlə dərmanlanması nəticəsində toxumlar torpaq infeksiyalarından qorunmaqla yanaşı bitkilərin stresə qarşı dözümlülüyü, kök sisteminin qışa davamlılığı yüksəlir və kök sisteminin kütləsi artır. Təsiredici maddələri fludioksonil, difenokonazol və tebukonazol olan fungisidlər toxumları qar kifi, fuzarioz və helmintosporioz kök çürümələri, toxumların kiflənməsi, bərk sürmə, qara rüşeym, septorioz və s. xəstəliklərdən mühafizə edir.

Yuxarıda qeyd edilən fludioksonil özunün kimyəvi sinifində olan vahid fungisiddir. Bu onun digər təsiredici maddələrdən unikal təsir mexanizminə malik olması (proteinkinozların inqibirləşdirilməsi) və rezistentliyin meydana gəlməsi ehtimalının minimum olması ilə izah olunur. Mühafizə təsirinin uzun müddətli olması ilə (6 aya qədər) fərqlənir. Fuzaium spp. vəmicrodoehium spp. cinslərinə mənsub olan patogenlərə qarşı olduqca yüksək səmərəliliyə malik olduğundan kök çürüməsi xəstəliklərini törədən fuzarium etiologiyalı qar kif xəstəlik törədicilərinin epifitotiyası şəraitində etibarlı nəzarətini təmin edir.

Məlumat üçün bildiririk ki, respublikanın ən böyük taxılçılıq rayonlarından biri olan Şəkidə bu il 215 min tondan artıq taxıl istehsal edilib.

Other news