Monteneqronun xarici işlər naziri İqtisadiyyat Nazirliyində olub

11:27 - 3.11.2017


İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro Prezidentinin isə bir neçə dəfə ölkəmizə səfər etdiyini vurğulayıb. Azərbaycan-Monteneqro arasında əlaqələrin genişlənməsində Parlamentlərarası işçi qruplarının, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr üzrə Mərkəzin fəaliyyəti də önəmlidir. Bildirilib ki, ölkələrimiz investisiya, ticarət, turizm, maliyyə sahələrində əməkdaşlıq edir. Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti iclasında bu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcəkdir. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr barədə məlumat verib, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanlarını diqqətə çatdırıb.

Azərbaycan-Monteneqro əlaqələrindən danışan Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviç bu günlərdə açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun təkcə region üçün deyil, beynəlxalq əhəmiyyətini vurğulayıb. Srcan Darmanoviç Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu bildirib.

Görüşdə həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

 

Other news