“İqlimi deyil, özünü dəyiş” şüarı ilə tədbir keçirilib

11:22 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Sentyabrın 1-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) dəstəyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İqlim Dəyişikliyi mövzusunda tədbir keçirilib.

“İqlimi deyil, özünü dəyiş” şüarı ilə keçirilən tədbirin əsas məqsədi BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) fonunda iqlim dəyişikliyi ilə mübarizə aparmaq, ətraf mühitin mühafizəsi, bərabər təhsil və sosial müdafiəni də nəzərdə tutan 17 məqsəd çərçivəsində uşaqların ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olub.

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən tədbirdə uşaq evləri və internat məktəblərinin şagirdləri həmçinin, çərkəzə üzv uşaqlar iştirak ediblər. İştirakçı uşaqların müxtəlif sosial statuslu seçilməsi valideyn himayəsindən məhrum uşaqların sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.    

Tədbirdə KOICA tərəfindən müxtəlif illərdə Koreyada təlimlərə cəlb olunmuş dövlət qulluqçuları da iştirak ediblər.

KOICA Azərbaycan Nümayəndəliyin Ölkə üzrə Direktoru Park Kumok, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və Azərsu ASC-nın Təchizat Şöbəsinin aparıcı məsləhətçisi Nizami Osmanov ətraf mühitin qorunması, iqlim dəyişmələri üzrə maarifləndirmə mövzusunda çıxış ediblər.

Tədbir çərçivəsində uşaqlar cizgi filmlərinin personajları ilə yaxından tanış olub, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin qorunması mövzusunda qısa animasiya filmi izləyiblər. Eyni zamanda uşaqların ətraf mühitin qorunması ideyalarının rəsmə çevrilməsi, eko-çantaların rənglənməsi və təbiət mövzularını əks etdirən face art təşkil olunub. Daha sonra dizayn olunmuş eko-çantaların təqdimatını edən uşaqlar ətraf mühitin qorunmasının əhəmiyyəti mövzusunda çıxış ediblər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

Other news