Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib

14:30 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri, səfər çərçivəsində keçirilmiş görüşlər və imzalanmış 17 sənəd əməkdaşlığın genişləndirilməsində xüsusilə önəmlidir. Nəqliyyat sahəsinin Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətli istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev dövlət başçılarının görüşündə də bu məsələnin diqqət mərkəzində olduğu bildirilib. Nazir səfər zamanı özündə beş yol xəritəsini əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın imzalandığını və sənədin nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi bölməsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə tərəflərin qarşılıqlı əməkdaşlığının xüsusi qeyd edildiyini vurğulayıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə görülən işlər, o cümlədən nəqliyyat dəhlizi üzrə dəmir yolu xəttinin tikintisinə dair fikirlərini bölüşüb. Bildirilib ki, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi hazırda davam edir. Şimal-Cənub nəqliyyat dəhlizinin əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayan iqtisadiyyat naziri nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Aleksandr Mişarin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli layihələrdən olduğunu vurğulayıb, bu istiqamətdə dəmir yolu xəttinin tikintisinə dair işçi qrupunun yaradılması və digər məsələlərə dair fikirlərini bidirib.

Other news