Rəqəmsal Ticarət Qovşağına dair ikinci beynəlxalq konfrans keçiriləcək

12:23 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ISESCO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək. Əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq konfransda transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri də müzakirə ediləcək.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda belə bir tədbiri təşkil etməklə həm ölkəmizin Rəqəmsal Ticarət Qovşağı yeni formatda təqdim ediləcək, həm də elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökumət və kibertəhlükəsizlik sahələrində əldə edilən nailiyyətlər, çətinliklər və imkanlar barədə xarici təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparılacaq: "Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına, əsasən də informasiya və kommunikasiya sahəsinin daha da təkmilləşdirilməsinə verdiyi diqqətin nəticəsində dövlət tərəfindən bir çox elektron platformalar, rəqəmsal xidmətlər və onlayn resurslar yaradılıb. Bunlardan biri də Azərbaycanın Rəqəmsal Ticarət Qovşağıdır. Qovşaq dünyada həm yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, həm də qeyri-rezidentlər üçün elektron xidmətlər təqdim edən yeganə platformadır".

Konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkələrdən nümayəndələr olmaqla 10-dan çox ölkədən 100-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin "Azexport" portalının sıx əməkdaşlıq etdiyi “Alibaba”, “Amazon”, “e-bay” və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan konfransla bağlı artıq son məqamları müzakirə edir.

 

Other news