Akademik Böyükkişi Ağayevin 90 illiyi qeyd olunub

15:25 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tanınmış cərrah, alim və pedaqoq, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə tədbir iştirakçıları akademik B.Ağayevin məzarını ziyarət ediblər.

Tədbiri çıxış sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik B.Ağayevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, Böyükkişi Ağayev 400-dən çox elmi işlərin, həmçinin üç cildlik “Cərrahi Əməliyyatlar Atlası”nın müəllifidir. Akademik B.Ağayev 1973-cü ildən son dövrə qədər Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib. 1980-ci ildən Azərbaycan Elmlər Akademiyasının müxbir,1989-cu ildən isə həqiqi üzvü seçilib

Tədbirdə çıxış edən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rəhim Əliyev bildirib ki, Akademik Böyükkişi Ağayevin sadəcə adı elə liderliklə sinonimdir: “Əgər böyük bir insan həm də sadə insandırsa, o, əvvəlki böyüklüyündən də böyükdür. Böyükkişi Ağayev məhz belə bir insan kimi yaddaşlarımızda qalıb”. Nazirlik rəsmisi qeyd edib ki, B.Ağayevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrin çəkisi ölçüyə sığmaz.

Akademik Böyükkişi Ağayev 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda dünyaya gəlib. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə daxil olub. 1954-cü ildə müsabiqə yoluyla 2-ci Moskva Tibb Institutunun cərrahiyə üzrə klinik aspiranturasına qəbul olunub. 1957-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsinə təyin olunub. 1960-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Elmi Tədqiqat Onkoloji İnstitutunda baş elmi isçi vəzifəsinə təyin olunub.

Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq, B.Ağayev 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunub. O, həmçinin Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülüb.

Other news