Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin açıqlaması

11:44 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında brokonyerlərə şərait yaradılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Sözügedən ərazi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun xidməti ərazisinə aiddir. 

“Balıqçılıq haqqında” normativ hüquqi aktlara uyğun olaraq  01 yanvar-01 may, 01 sentyabr-31dekabr  2018-ci il müddətində departament tərəfindən həmin akvatoriyada nərəkimilər və “Qırmızı kitaba” daxil olan balıq növləri istisna olmaqla, sənaye balıq ovuna icazə verilir. Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında 2018-ci il ərzində 1 hüquqi və 65 fiziki şəxsə “balıqovlama bileti” ilə sənaye balıq ovu ilə məşğul olmağa icazə verilib.

Qeyd edək ki, 2018-ci ilin 8 ayı ərzində departamentin əməkdaşları tərəfindən ərazidə icazəsiz 18 balıq ovu faktı aşkar edilib, qanun pozucularından 1 “bayda” (taxta materialdan kustar üsulla hazırlanmış üzmə vasitəsi), 9 digər üzən vasitə, 933 ov aləti və müxtəlif balıq növləri götürülüb. 14 nəfər qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

İcazəsiz balıq ovunun qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

 

Other news