Azərbaycanda “Qafqaz İslam Ordusunun zəfər yolu ilə” adlı anım yürüşü keçirilir

17:30 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qafqaz İslam Ordusunun zəfər yolu ilə” adlı anım yürüşü keçirilir.

Azərbaycan Skautlar Assosiasiyasından bildirilib ki, sentyabrın 9-da Gəncə şəhərindən başlayan yürüşün proqramına əsasən iştirakçılar Qafqaz İslam Ordusunun 100 il bundan öncə hərəkət etdiyi Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonları ərazilərindən keçərək sentyabrın 15-də Bakıya çatacaqlar.

Əllərində Türkiyə və Azərbaycan bayraqları tutaraq marşlar oxuyan 80 nəfərdən ibarət “Zəfər yolu əsgərləri” olduqları döyüş bölgələrində çadır düşərgələri quraraq gecələyir, Azərbaycan və Türk şəhidliklərini ziyarət edir, dualar oxuyur, məzarların ətraflarını təmizləyirlər.

“Zəfər yolu ilə" adlı yürüş Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edilib. XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib.

Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olunmasında Qafqaz İslam Ordusu böyük xidmətlər göstərib. Məhz 15 sentyabrdan sonra Milli Hökumət Gəncədən Bakıya köçürülüb və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilib.

“Azərbaycan və Türkiyə daim bir-birinə dəstək olub. Azərbaycanlıların Çanaqqala savaşında könüllü şəkildə iştirakı ölkələrimiz arasında qırılmaz dostluq, qardaşlıq münasibətlərinin qədim köklərə bağlılığının sübutudur. Bu dəyərlərin gələcək nəsillərə çatdırılması vacibdir. Qafqaz İslam Ordusunun 1918-ci ildə həyata keçirdiyi qardaşlıq missiyası heç vaxt unudulmayacaq, daim minnətdarlıq hissi ilə xatırlanacaq. Ümid edirik ki, “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutan qardaş ölkələrin bayraqları tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaq”, deyə - Azərbaycan Skautlar Assosiasiyasının məlumatında bildirilir.

 

Other news