Əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsi genişləndiriləcək

14:49 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Əlilliyin təyinatı və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupunun növbəti iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, görülən işlər çərçivəsində əlilliyi olan şəxslər üçün bərpa mərkəzlərinin potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmin şəxslərin reabilitasiyasında müsbət nəticələrin əldə olunması üçün bərpa mərkəzlərinin imkanlarının artırılması təmin olunacaq. Bununla bağlı reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır. S.Babayev, eyni zamanda, yaxın illərdə ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda fərdi reabilitasiya proqramının icrasının xüsusi yer tutduğunu qeyd edən nazir ümumilikdə bu qanunda əksini tapan bir sıra məsələlərlə bağlı konkret icra prosedurlarını müəyyən edən Qaydaların hazırlanması işlərinə başlandığını deyib. O, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması sahəsində işçi qrupu tərəfindən aparılan işlərin sürətləndirilməli olduğunu diqqətə çatdırıb.

İclasda işçi qrupunun gördüyü işlərin nəticələri, həmçinin cari ilin ilk yarımilində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş I qrup əlillik təyinatları üzrə Səhiyyə Nazirliyindəki müvafiq işçi qrupu ilə birgə aparılan araşdırmaların yekunları barədə məlumat verilib. Risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında yanlış əlillik təyinatlarının ləğv edildiyi və hazırda bu istiqamətdə işlərin davam etdirildiyi bildirilib.

İclasda bu ilin ilk yarımili ərzində  risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş II və III dərəcə əlillik təyinatları üzrə araşdırmaların aparılması qərara alınıb.

Other news